Beynəlxalq Valyuta Fondunun (BVF) üzvləri arasında xüsusi borclanma hüququnun (SDR) bölüşdürülməsi ilə bağlı razılaşma qüvvəyə minib.
Valyuta Fondu: "Azərbaycanda pandemiyadakı yumşalmadan sonra, banklara tələblər əvvəlki vəziyyətə qayıtmalıdır"
FED.az xəbər verir ki, razılaşma çərçivəsində Valyuta Fondunun üzvü olan ölkələrə 456 milyard SDR, və ya 650 milyard dollar ayrılıb. Bu vəsaitin 275 milyard dolları inkişaf etməkdə olan ölkələrə ayrılıb. O cümlədən Valyuta Fondu Gürcüstan və MDB ölkələrinə 25 milyard dollar, Rusiyaya isə 17,5 milyard dollar ayırıb.
Valyuta Fondunun direktoru Kristalina Georqieva bu ödənişləri «böhran dövründə dünya iqtisadiyyatına vurulan vaksin» adlandırıb. Gözlənilir ki, vəsaitlərin ayrılması beynəlxalq ehtiyatların likvidliyini artıracaq və ölkələrə pandemiyadan sonra böhrandan çıxmağa kömək edəcək.
Bu bölüşdürmə zamanı Azərbaycana 531 milyon dollarlıq SDR ayrılıb. Gürcüstan 285 milyon dollar, Ermənistan isə 175 milyon dollar vəsait alacaq.
Xüsusi borclanma hüququ (SDR) — Valyuta Fondunun ödəmə hesablaşmaları üçün süni yaradılmış ödəmə vasitəsidir. SDR-in fiziki variantı yoxdur, onun məzənnəsi isə hər gün dollar, avro, ien, funt sterlinq və yuanın məzənnələri əsasında formalaşır.
Hazırda dünyada dövriyyədə 204 milyard SDR var ki, bu da 290 milyard dollara bərabərdir. Valyuta Fondunun sonnucu qərarından sonra isə SDR-in ümumi həcmi 660 milyarda çatacaq.