Bu ilin ilk yarısında "yaşıl layihələr"ə 300 milyon manatlıq "yaşıl" kreditlərin ayrılması göstərir ki, bank sektoru qarşıdakı 6–7 ildə 2 milyard manatdan daha çox vəsaiti "yaşıl layihə"lərə yönəldə biləcək.
"Planlaşdırılan bərpa olunan enerji layihələrinə 2 milyard dollaradək investisiya tələb olunur"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.
"Ötən il COP29 ərəfəsində bank sektoru 2 milyard manatlıq "yaşıl maliyyə" investisiyası planladığını elan etmişdi.
Hazırda banklarda "yaşıl maliyyə" üzrə anderraytinq standartları təkmilləşdirilib və ESG prinsipləri həm strateji, həm biznes, həm də əməliyyat qərarlarının ayrılmaz hissəsinə çevrilib. Bazarın reallığına uyğun tənzimləmələr bank sektorunun qarşıya qoyduğu hədəflərə çatmasına ciddi dəstək verəcək", - Ş. Mahmudzadə qeyd edib.
Ş. Mahmudzadə vurğulayıb k, artıq xarici investorlar Azərbaycan maliyyə sektoruna vəsait yatırarkən anderraytinq şərtlərində ESG elementlərinin mövcudluğunu görmək istəyirlər: "Bank sektorunda fəaliyyət göstərən bütün əsas oyunçular xarici tərəfdaşlarla işləyərkən bu meyarlardan istifadə etməyə çalışır.
Qeyd etmək lazımdır ki, bu, yalnız Azərbaycana xas deyil, digər ölkələrdə də yeni reallıqdır. Sadəcə Azərbaycan bank sektoru da bu prosesdən kənarda qalmır" (Report).












