“Azərbaycanın enerji sistemində davamlılıq üçün əlaqəlilik və modernizasiya vacibdir”.
FED.az xəbər verir ki, bunu Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində energetika nazirinin müavini Elnur Soltanov deyib.
Ölkənin maksimal enerji istehsalı 8 qiqavat, illik orta istehlak isə 3 qiqavat civarındadır
Elnur Soltanov bildirib ki, bərpa olunan enerjinin davamlı olmaması onun inteqrasiyasını çətinləşdirir və bu problemi iki istiqamətdə həll etmək mümkündür: enerji sisteminin ölçüsü və regional əlaqəlilik.
Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan böyük ölkə deyil və enerji sisteminin maksimal gücü təqribən 8 qiqavat, illik orta istehlak isə 3 qiqavat civarındadır.
“Böyük enerji sistemləri və güclü qonşuluq əlaqələri bu cür çağırışların öhdəsindən gəlməyə kömək edir. Avropa ölkələri bu üstünlüklərdən faydalanır. Lakin İspaniyanın son enerji böhranı göstərdi ki, zəif əlaqəlilik, xüsusən də təkcə Fransaya bağlı olmaq ciddi problemlər yarada bilər,” – deyə nazir müavini vurğulayıb.
O qeyd edib ki, Azərbaycan üçün regional enerji bağlantıları yalnız iqtisadi potensial baxımından deyil, həm də enerji dayanıqlığı baxımından həyati əhəmiyyət daşıyır. “Bizi bu istiqamətdə hərəkət etməyə vadar edən yalnız coğrafi və infrastruktur problemləri deyil, həm də qlobal texnologiya mərkəzlərindən uzaq olmağımızdır,” – deyə Elnur Soltanov əlavə edib.
Enerji qiymətləri və inteqrasiya xərcləri
Nazir müavini həmçinin bildirib ki, bərpa olunan enerji mənbələrinin maya dəyəri az olsa da, bu enerjinin sistemə inteqrasiyası, şəbəkənin modernizasiyası və dayanıqlığın artırılması əlavə xərclər tələb edir: “Bu xərcləri nəzərə alsaq, bəzi hallarda bərpa olunan enerji qazla işləyən stansiyalarla müqayisədə o qədər də üstün olmaya bilər. Qaz stansiyaları texnoloji elastikliyin verdiyi üstünlüklərə malikdir.”
2 milyard dollarlıq sərmayə və sosial gözləntilər
E.Soltanov əlavə edib ki, planlaşdırılan 2 qiqavatdan artıq bərpa olunan enerji layihələrinin ölkəyə 2 milyard dollaradək xarici və daxili sərmayə gətirəcəyi gözlənilir. Bununla belə, bu cür layihələrin icrası ciddi maliyyə yükü yaradır və əsas sual odur ki, bu yükü kim daşıyacaq.
“Xüsusilə Sovet irsindən gələn ictimai gözləntiləri nəzərə alsaq, kommunal xidmətlərin ödənişli olması əhalidə çətinlik yaradır. Ona görə də bu yükü vətəndaşların üzərinə qoymaq asan deyil və yaxşı izah olunmalıdır,” – deyə o bildirib.
Nazir müavini beynəlxalq maliyyə institutlarının, o cümlədən EBRD-nin bu məsələlərin həllində və maliyyə yükünün bölüşdürülməsində mühüm rol oynaya biləcəyini qeyd edib.(Apa)