Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Azərbaycan banklarının ipoteka kredit portfeli 17% böyüyüb
FED.az xəbər verir ki, sorğunun 2024-cü il IV rüb üzrə nəticələrinə əsasən, ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub. Daxili ipoteka kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. İKZF (İpoteka və Kredit Zəmanət Fondu) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər
Ötən rübdən fərqli olaraq 2024-cü ilin IV rübündə cəmi ipoteka kreditlərinə tələb artıb. Respondentlərin cavablarına görə tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Banklar 2024-cü ilin IV rübündə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən regiondakı layihələr üzrə evlərin kütləvi satışa çıxarılmasını tələbin artmasına təsir göstərən faktor kimi qeyd edib. Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə azalma olacağı qənaətindədirlər.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital mövqeyi və maliyyələşmə dəyəri sərtləşdirici təsir göstərən faktorlar olub.
Bütövlükdə, sorğu nəticələrinə əsasən bankların ipoteka portfeli üzrə artım tempinin növbəti rüb də davam edəcəyi gözlənilir.