Bu gün Bakıda İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılıği ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir.
Azərbaycanda islam bankçılığı tətbiq ediləcək – QANUNLARA DƏYİŞİKLİK GÖZLƏNİLİR
FED.az xəbər verir ki, maliyyə və bank sahəsində yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbirdə KOB-ların maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilir.
Konfransda açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50%-ni, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35%-ni təşkil edir, ümumi məşğulluğun isə 60-70%-ni təmin edir.
O, vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99%-dən çoxu KOB subyektləridir. Bütün dünyada olduğu kimi Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi banklara üstünlük verirlər. KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBIA-nın fəaliyyətinin prioritetlərindəndir. USAID ilə birgə təşkil edilmiş bugünkü tədbirin məqsədi də məhz KOB-ların maliyyə əlçatanlığının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə və alternativ maliyyə alətlərinin ölkəmizdə tətbiqi imkanlarını müzakirə etməkdir.
USAID-in Azərbaycan üzrə Missiya Direktoru Maykl Nirbas: “Əminəm ki, bu konfrans hamınızın məlumat paylaşa biləcəyi, yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağınıza imkan yaradan, yeni texniki biliklər qazanacağınız və digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə edə biləcəyiniz platforma olacaq. Bu gün ekspertlərin iştirakı ilə baş tutacaq panellər layihə maliyyələşdirilməsi üçün müxtəlif seçimlərin aydınlaşdırılmasına da imkan yaradacaq”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Innovasiya və Rəqəmsal Inkişaf Agentliyinin rəhbəri Inarə Vəliyeva təmsil etdiyi qurumun fəaliyyəti və startaplara göstərdiyi dəstək, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev isə alternativ maliyyələşmə barədə fikirlərini bölüşüb.
Forum çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsi: Azərbaycanda inkişafı perspektivləri”, “KOB dəstək alətləri: Zəmanət, Aktivlərə əsaslanan maliyyələşmə və Lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılır.