Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bank 2021-ci il üçün inflyasiya proqnozlarına yenidən baxacaq.
Eləcə də bax: Elman Rüstəmov: Lirənin ucuzlaşmasının Azərbaycana təsiri barədə
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “Biz inflyasiya proseslərini izləyirik. Bizdə orta illik inflyasiya hələ ki 4%+ intervalında formalaşır. Tezliklə komitənin iclası olacaq, indi biz proqnozlaşdırmanı yekunlaşdırmaq üzrəyik. Ondan sonra yeni proqnozları açıqlayacağıq”, - deyə E.Rüstəmov bu gün jurnalistlərə bildirib.
2021-ci ilin 9 ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 5,2%-dək artıb. Daha əvvəl AMB cari ilin yekunları üzrə orta illik inflyasiyanı 5,4-5,8% səviyyəsində proqnozlaşdırmışdı.
Rüstəmov vurğulayıb ki, Azərbaycanda inflyasiyaya ən çox xarici amil təsir göstərir. “Bizdə inflyasiya idxalla bağlıdır. Bu, əsasən ərzaq inflyasiyasıdır və əfsuslar olsun ki, ardıcıl iki ildir 30%-dən çox təşkil edir. Bu, pandemiya, qlobal təchizat zəncirinin pozulması, xammal və logistika xərclərinin bahalaşması ilə əlaqədardır”, - deyə o qeyd edib.
AMB sədri hesab edir ki, iqtisadiyyatın bərpası da inflyasiya tempinə təsir göstərir.
E.Rüstəmov əlavə edib ki, qonşu ölkələr, eləcə də əsas ölkələr-ticarət tərəfdaşları da inflyasiya artımı ilə üzləşirlər. Bu vəziyyətin nə qədər davam edəcəyini söyləmək çətindir. Əlbəttə, kommunal xidmətlərin tariflərinə (ölkə daxilində – İF) yenidən baxılması da inflyasiya göstəricisinə bir qədər təsir göstərəcək”, - deyə o vurğulayıb.