Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci ilin yanvar-sentyabr ayları üzrə Tokio ticarət mərkəzindən əldə etdiyi gəlir açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun hesabatına dair rəyində bildirir.
Azərbaycanın suveren fondunun Yaponiya paytaxtı Tokioda yerləşən “mall”dan gəlirinin həcmi 408.45 milyon yapon yeni olub. Bu da həmin dövr üçün məzənnə dəyişikliyi qeydə alınmadan 3.81 mln. ABŞ dolları deməkdir. “Kirarito Ginza” paytaxt şəhərdə iri ticarət mərkəzi kimi fəaliyyət göstərir
ARDNF 2015-ci ildə “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Tokioda yerləşən və dəyəri 52.3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın alıb. Bu ARDNF-in Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyası olmuşdu. Binanın alğı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış etmişdi.
1 oktyabr 2021-ci il tarixinə bu “mall”un dəyəri 56.74 mlrd. yapon yeni, yaxud hazırkı məzənnə ilə 500 mln. ABŞ dolları təşkil edir. ARDNF bu ticarət mərkəzini alanda onun dəyəri dollarla ifadədə 435 mln. dollar ətrafında idi.
2015-ci ilin üçüncü rübündə yapon yeninin məzənnəsi xeyli zəifləmişdi. Məsələn, USD/JPY cütlüyü həmin dövrdə 120-124 səviyyəsində olmuşdu, sonradan 2016-cı ilin avqustunda 100 səviyyəsinə qədər eniş yaşadı (yəni yen gücləndi). Hazırda isə yenin məzənnəsi 112-115 səviyyəsində dəyişir.
Kirarito Ginza – ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 min 647 kvadrat metr təşkil edir və 40-dan yuxarı şirkət tərəfindən icarəyə götürülüb.
Həmin dövrdə Fondun açıqlamasında qeyd edilir ki, bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır.