Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2021-ci ili 2 milyon 507 min manat mənfəətlə başa vurub.
Eləcə də bax: YAP üzvlərinin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, partiyanın maliyyə hesabatına görə, bu, 2020-ci ilə nisbətən 42,2% çoxdur.
Ötən il YAP-ın gəlirləri 13 milyon 156 min manat (əvvəlki illə müqayisədə 7,05% çox), o cümlədən üzvlük haqlarından gəlirləri 11 milyon 26 min manat (6,6% çox), əmlakından gəlirləri 219 min manat (əvvəlki il olmayıb) dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 1 milyon 888 min manat (2,8% az), digər (faiz) gəlirləri isə 23 min manat (12,6 dəfə çox) təşkil edib. Hesabat dövründə Partiyanın xərcləri isə 10 milyon 650 min manat (1,2% çox), o cümlədən cari xərcləri 492 min manat (4,7 dəfə az), saxlanma və informasiya təminatı xərcləri 9 milyon 195 min manat (26,2% çox), fərdi xərcləri 52 min manat (əvvəlki il olmayıb), sair xərcləri isə 911 min manat (60,4% çox) olub.
Bu il yanvarın 1-nə YAP-ın aktivləri 29 milyon 668 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,4% çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 2,4 dəfə artaraq 77 min manata, balans kapitalı isə 9,3% artaraq 29 milyon 592 min manata çatıb.
Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. Onun ehtiyat fondu 11,55 milyon manatdır. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 800 min üzvü olduğunu bəyan edir. (Renkinq)