"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə qurumun “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvlərinin, eləcə də Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin nümayəndəsinin təmsil olunduğu geniş tərkibdə nümayəndə heyəti Türkiyədə təcrübə mübadiləsi üzrə rəsmi səfərdədir.
FED.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi qardaş Türkiyənin bank sisteminin rəqəmsal transformasiyası üzrə əldə etdiyi nailiyyətləri öyrənmək, qarşılıqlı əməkdaşlıq istiqamətlərini müəyyən etməkdir.
Səfər çərçivəsində Türkiyənin Banklararası Kart Mərkəzi, “İng Bank”, “Vakıfbank”, “Ziraat Bank”, “Yapı Kredi Bank”, “Aktif Bank” kimi iri maliyyə institutları ilə yanaşı, “Visa” - beynəlxalq kart təşkilatının Türkiyədəki nümayəndəliyi, "Birleşik Ödeme Hizmetləri", "Token", "Payten" kimi fintex şirkətləri ilə görüşlər keçiriləcək. Görüşlərin əsas müzakirə mövzularına rəqəmsal bank məhsulları və xidmətləri, ödəniş alətləri, o cümlədən ödəniş kartları və bu sahədə tətbiq olunan yeniliklər, fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri, innovativ ödəniş həll və texnologiyalarının tətbiqi, banklarla fintexlərin qarşılıqlı əməkdaşlıq istiqamətləri və digərləri aiddir.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.