Bu günə qədər Azərbaycanda 58 095 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
Eləcə də bax: Azərbaycanda bank kartları ilə bağlı - NƏ BAŞ VERİR?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Məlumata görə, bu ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.
Vergi ödəyicilərin yeni kassa aparatları ilə təmin edilməsi 2019-cu ilin 2-ci rübündən etibarən mərhələli şəkildə həyata keçirilir. Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə dördüncü mərhələsi 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə isə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulurdu.
Qeyd edək ki, bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir. (Report)