Son günlər Azərbaycanda bank kartlarından istifadə ilə bağlı problemlər müşahidə edilir.
Eləcə də bax: Bank kartlarının sayı 2 ayda 488 min ədəddən çox - ARTIB
Belə ki, kartlarlan bankomatlardan pul çıxarmaq, eləcə də POS-terminallarla ödəniş etmək bəzi hallarda mümkün olmur.
"Bu, istənilən ölkə üçün adi haldır"
FED.az xəbər verir ki, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev deyir ki, Azərbaycanın kart infrastrukturunda elə bir ciddi problem yoxdur və ara-sıra qeydə alınan çətinliklər istənilən ölkə üçün adi haldır: “Eyni problemlə istənilən ölkədə qarşılaşmaq olar. Hər hansı kartda texniki nasazlıq bütövlükdə sistemin pis işləməsi anlamına gəlmir.Təbii ki, müştəri öz bankı ilə əlaqə saxlayaraq məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilər. Bəzən olur ki, 10 milyon kartın içində bir və yaxud beşində problem olur. Bu, milyonda bir faizdir. Yəni, bunu sistemin işləməməsi kimi göstərmək düzgün olmaz və problemin aradan qaldırılması üçün anında tədbir görülür”.
"Texniki təkmilləşdirmə işləri aparıldığı üçün ..."
Assosiasiyanın eksperti İlqar Əliyev isə bildirir ki, son günlər yalnız bir bankda texniki təkmilləşdirmə işləri ilə bağlı kartlardan istifadədə fasilələr müşahidə edilib. Hazırda texniki komanda problemlə bağlı işləyir və kartlardan normal istifadə demək olar ki, bərpa olunub,
Bununla belə, onun fikrincə, bank bu barədə müştərilərini xəbərdar etməli idi: "Əgər bu (məlumatlandırma) baş verməyibsə, müştərilərin iradları haqlıdır".
Prosessinq mərkəzləri narahatlığa əsas görmür
Azərbaycanda bank kartlarına xidmət göstərmək üçün 2 prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təsis etdiyi "Azericard" və 20-yə yaxın bankın təsisçiliyi ilə qurulmuş "Millikart" MMC-lərdir. Onlar da bildirirlər ki, kartlarla bağlı ümumilikdə problem yoxdur. Sadəcə son günlər az sayda kartla əməliyyat aparmaq mümkün olmayıb. Həmin problem də həll edilmək üzrədir. (Report)