Visa beynəlxalq ödəniş sistemi Azərbaycan bazarında innovasiyaların tətbiqi üçün böyük potensial görür.
Yanvarda nağdsız ödənişlərin həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Visa-nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev deyib.
O, Visa-nın Azərbaycan Beynəlxalq Bankı ilə birgə 2019-cu ildə ölkədə ilk tokenizasiyanı başlatdığını və bu sayədə mobil qurğular üzərindən ödənişlər həyata keçirməyə imkan yarandığını xatırladıb.
"Tokenizasiyaya qoşulmuş bankların sayının artırılması üzrə işlər aparılmaqdadır. Bu gün onların sayı 11-dir. Bu tətbiq fəaliyyəti çoxlu sayda layihələr həyata keçirməyə, o cümlədən, 2021-ci ildə Apple Pay, 2022-ci ildə isə Google Pay ödəniş sistemlərinin işə salınmasına imkan verdi. Həmçinin, Azərbaycan Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionunda B2B Connect ödəniş şəbəkəsini işə saldığımız ilk ölkədir", - o deyib.
Hacıyev 2022-ci ildə Apple Pay və Google Pay həllərini dəstəkləyən bankların sayının artdığını qeyd edib.
"Bundan başqa, biz Azərbaycanda Android sistemli telefonlarda nəinki ödəniş etməyə, həm də ödənişləri qəbul etməyə imkan verən innovativ TapToPhone həllinin istifadəyə verildiyini gördük. Bu layihə ilk dəfə tərəfdaş bankımız olan Kapital Bank ilə birgə həyata keçirilib. Digər bir innovasiya isə dünyada ilk dəfə “Bank Respublika”, Wolt və Visa kobrend kartlarının istifadəyə verilməsi oldu. Biz ASAN Mərkəzlərdə QR kodların köməyilə ödənişlərin qəbulunu işə saldıq. Pilot rejimdə Azercell mobil operatoru tərəfindən rəqəmsal kartların emissiyasına start verdik və yaxın gələcəkdə bunun tam genişlənəcəyini gözləyirik", - regional menecer deyib.
Nurlan Hacıyev, həmçinin, Visa şirkətinin CEMEA regionu ölkələri arasında ilk dəfə Azərbaycanda Mobility & Transit Transaction (MTT) texnologiyasını başlatdığını bildirib.
Qeyd edək ki, MTT modeli operatorlara sərnişinlər üçün bir sıra çevik tariflər, o cümlədən, sabit tariflər, məsafə və vaxtı nəzərə alan tariflər, multimodal tariflər, həmçinin, tarifin məhdudlaşdırılması, güzəştlər və gecikmələrə görə vəsaitin geri qaytarılması kimi funksiyalar təklif etmək imkanı verir. (Trend)