Azərbaycanda bəzi dövlət qurumlarının şirkətlərdən tələb etdiyi hesabatlar bir-birini təkrarlayır.
FED.az xəbər verir ki, bu barədə maliyyəçi ekspert Emin Kazımov bildirir. Onun sözlərinə görə, bu vəziyyət şirkətlərin vaxt və resurslarının səmərəsiz istifadəsinə və təkrarçılığa səbəb olur. Ekspert yazır:
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankından - İNVESTİSİYA ŞİRKƏTLƏRİNƏ TÖVSİYƏ
Hesabatlılıq istənilən sahədə doğru qərarın verilməsi üçün əsas şərtlərdən biridir. Bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizdədə hüquqi formasından asılı olmadan müəssisələr, fərdi sahibkarlar və digər subyektlər qanunvericiliyin tələblərinə uyğun formatda və müddətdə fəaliyyətlərini əks etdirən hesabat və bəyannamələri təqdim etməkdədirlər.
Lakin bəzi hesabatların mahiyyəti nəinki oxşardır, fərqli icra orqanlarına təqdim edilən hesabatlar ümumiyyətlə eyni göstəriciləri daşıyırlar.
Məsələn,
Dövlət Statistika Komitəsinə təqdim edilməli olan 1-Müəssisə (illik), 12-İstehsal (aylıq), 1-Əmək (illik), 4-əmək (aylıq);
Dövlət Məşğulluq Xidmətinə təqdim edilməli olan Forma 1 (Boş iş yerləri haqqında), Forma 2 (İşə qəbul edilən və çıxarılan işçilər haqqında), Forma 3 (İş yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında), Forma 5 (İşçilərin hərəkəti haqqında)
və sair bu qəbildən hesabatlar əslinda bu və ya digər formatda Dövlət Vergi Xidmətinə təqdim edilən müvafiq bəyannamələr ve arayışlarla eynilik təşkil etməkdədir .
Beləliklə, müasir dövrdə texnoloji tərəqqinin bizə vermiş olduğu imkanlardan layiqincə istifadə edilməməsi bu təkrarlanan hesabatları verməli olan müəssisə, idarə və təşkilatların qızıl dəyərində olan vaxtlarının və diqqətinin səmərəsiz istifadəsini şərtləndirir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bütün müəssisə, idarə və təşkilatların Dövlətimizin yalnız bir icra orqanına ( Dövlət Vergi Xidməti) müvafiq bəyannamə və arayışların təqdim etmələrini daha məqsədəuyğun hesab edirəm və bu prosesi tənzimləyən müvafiq qanunvericilik yenidən təhlil edilərək dəyişdirilməsi “az hesabat-çox informasiya” prinsipinə uyğun olacaqdır. Digər dövlət orqanları isə fəaliyyətləri üçün zəruri olan informasiyanı bir ünvana təqdim edilmiş bəyannamə və hesabatlardan əldə edə bilərlər.