Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ölkədə "EXİM Bank" alətlərinin yaradılması istiqamətində iş aparır.
Eləcə də bax: AZPROMO: "Qarabağda fəaliyyət üçün 1,2 mindən çox müraciət daxil olub"
FED.az xəbər verir ki, bunu qurumun rəhbəri Yusif Abdullayev deyib.
"Bu, bizim ixracatçılarımızı, onların xarici bazara çıxardığı məhsul və xidmətləri yeni mərhələyə keçirəcək. Birinci mərhələdə sadəcə alətlərin yaradılması nəzərdə tutulur. Burda kreditləşmə və maliyyələşmənin tətbiqi, xarici ölkəyə satılan məhsulun qarşı tərəfdə sığortalanması, qarşı tərəfdən risklərin alınması kimi məsələlər öz əksini tapıb. Biz bunu alət olaraq tətbiq etmək istəyirik. Uğur olsa, biz hökumətə bunu "EXİM Bank"ın - yəni bütün dünyada tətbiq edilən ixrac və idxal əməliyyatları üzrə bankın yaradılmasını təklif edə bilərik. Hələ ki, bunun bank formasında olub-olmayacağını demək çox çətindir. Bu alətlər İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən quruma həvalə ediləcək. Onların tətbiqi bizim üçün çox önəmlidir. Biz bunun nəticəsini görəndən sonra növbəti addımlarımızı atacağıq. "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı prezident fərmanında çox geniş mexanizmlər var, amma həmin mexanizmlərdə maliyyə alətləri dəstəyi yox idi. Bu olandan sonra bütün istiqamətlər üzrə ixracatçılarımıza təşviq alətlərimizi tətbiq edəcəyik. Proses təkcə bununla məhdudlaşmayacaq, hansısa yeni mexanizmlər olduqca biz onu ixracatçılarımıza tətbiq edəcəyik", - deyə o, qeyd edib.
"Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 20 ilə yaxın fəaliyyət göstədikdən sonra dövlət başçısının 23 iyul 2021-ci il tarixli qərarı ilə agentliyə çevrilib. Bu çox önəmli məsələdir, prezidentin ixracın və investisiyaların təşviqinə verdiyi önəmin bariz nümunəsidir ki, biz daha geniş səlahiyyətlərə və funksiyalara malik olaq. Funksionallıq nöqteyi nəzərdən həm investisiyaların, həm də ixracın təşviqində kifayət qədər geniş səlahiyyətlərə malikik, ən önəmli məsələ isə vahid pəncərə funksiyasını daşıyan agentliyik. İxrac strategiyasının və ixracın təşviqi ilə bağlı mexanizmlərin hazırlanması istiqamətində mütəmadi iş aparılır. 2016-ci ilin oktyabr ayından "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı 10 mexanizmlər var, həmin mexanizmlər bu gün də çox uğurla tətbiq edilir. Son illər pandemiyanın yaratdığı problemlərə görə görüşlərin təşkil edilməsi çətinləşdi. Lakin buna baxmayaraq biz qaydalara uyğun olaraq mexanizmlərin tətbiqini davam edirik. Yeniliklərə gəlincə isə biz bu gün fərqli ölkələrdə tətbiq edilən yeni mexanizmlərin ölkədə tətbiqini nəzərdə tuturuq", - deyə Y.Abdullayev əlavə edib. (Report)