Azərbaycanda kredit kartlarının sayı yenidən 2015-ci ildəki səviyyələrə yaxınlaşıb.
Eləcə də bax: Əməkhaqqı kartlarından sonra - KREDİT KARTLARI DA AZALIR
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin iyul ayının sonunda kredit kartlarının sayı 985 min ədəd təşkil edib. Kredit kartlarının sayı 2020-ci ilin iyul ayında 36 min ədəd, cari ilin 7 ayı ərzində 188 min ədəd, ötən ilin iyul ayı ilə müqayisədə isə 206 min ədəd artıb.
2015-ci ilin sonunda kredit kartlarının sayı 1 milyon 10 min ədəd təşkil etmiş, devalvasiyalar və tələblərin sərtləşdirilməsi ilə əlaqədar olaraq 2016-cı ildə azalmış, həmin ilin sonunda 631 min ədədə, 2017-ci ilin iyun ayında isə 562 min ədədə düşmüşdü.
Qeyd edək ki, 2020-ci ilin iyul ayının sonunda cəmi ödəniş kartılarının sayı 8 milyon 793 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı iyul ayında 129 min ədəd, 7 ay ərzində isə 1 milyon 527 min ədəd artıb. Cəmi ödəniş kartlarının 3 milyon 468 min ədədini sosial kartlar, 2 milyon 427 min ədədini əmək haqqı kartları, 1 milyon 913 min ədədini digər debet kartları təşkil edib.
2020-ci ilin 7 ayı ərzində sosial kartların sayı 1 milyon 85 min ədəd, əmək haqqı kartları 111 min ədəd, digər debet kartları isə 144 min ədəd artıb. Sosial kartların sayındakı böyük artım fermer kartları ilə bağlıdır.
(Marja)