Azərbaycanda 2020-ci ildə dövriyyədə olan əməkhaqqı kartlarının sayında azalma müşahidə edilir.
Eləcə də bax:Azərbaycanda əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi - 39% AZALIB
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən bildirir ki, 2020-ci ilin yanvar ayında 2 milyon 355 min, fevral ayında 2 milyon 347 min, mart ayında 2 milyon 334 min, aprel ayında 2 milyon 333 min ədəd əməkhaqqı kartı olub.
Əməkhaqqı kartlarının sayı 2019-cu ilin dekabr ayında 2 milyon 316 mindən 2020-ci ilin yanvar ayında 2 milyon 355 minə qədər artsa da aprel ayına doğru 2 milyon 333 minə qədər azalıb. Əmək haqqı kartlarının sayının azalması koronavirus dövründə işçilərin işdən azad edilməsi, yəni ixtisarlarla bağlıdır.
2020-ci ildə sosial kartların sayında artım baş verib. Belə ki, 2019-cu ilin dekabr ayında sosial kartların sayı 2 milyon 383 min ədəd olub. 2020-ci ilin yanvarında bu kartların sayı 2 707 minə, fevralında 2 milyon 723 minə, martında 2 milyon 754 minə və aprelində 3 milyon ədədə çatıb.
Bu il kredit kartlarının sayında mart ayınadək artım baş versə də aprel ayında bu göstərici yenidən azalıb. Belə ki, 2019-cu ilin dekabr ayında dövriyyədə olan kredit kartlarının sayı 797 min ədəd olub. Yanvarda kredit kartlarının sayı 829 minə, fevralda 890 minə, martda 930 min ədədə qədər yüksəlsə də aprel ayında 877 minə enib.
Debet kartlarının sayında da kəskin azalma olub. 2019-cu ilin sonunda digər kartların sayı 1 milyon 769 min ədəd idi, yanvarda bu rəqəm 1 milyon 822 min ədəd, fevralda 1 milyon 872 min ədəd, martda 1 milyon 837 min ədəd və nəhayət, apreldə 1 milyon 859 min ədəd olub.