2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda dəyişikliklərin olmasa da, tələbdə azalma müşahidə edilib.
FED.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.
İpoteka kreditləri üzrə standartlar daxili ipoteka kreditlərində olduğu kimi İKZF hesabına verilən kreditlərdə də dəyişməz qalsa da, İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb son rübdə azalıb. Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalmaların artacağını, kredit tələbində isə əhəmiyyətli dəyişiklik olmayacağını gözləyirlər. Sorğu nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma son rüb ilə müqayisədə azalsa da, kredit karları üzrə kredit standartlarında yumşalma artıb. Sektorda istehlak kreditləri üzrə tələb yüksək olaraq qalmaqdadır. 2023-cü ilin cari rübündə kredit kartları və əməkhaqqı kreditləri üzrə tələb artmış, məişət avadanlıqları üzrə tələb isə azalmışdır. Banklar növbəti rübdə kredit kartları üzrə tələbin artması fonunda istehlak kreditləri üzrə tələbin artacağını proqnozlaşdırırlar.