FED.az Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanovun müsahibəsini təqdim edir:
Fərid Osmanov: "Mobil bank ödənişlərində kəskin artım var"
- Fərid müəllim, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun işlək mexanizminin qurulması üçün hansı normativ sənədlər hazırlanır?
- Qeyd etdiyiniz Qanun 2023-cü il noyabrın 9-dan qüvvəyə minib. Azərbaycan Republikası Prezidentinin müvafiq Fərmanı ilə Mərkəzi Bank növbəti altı ay ərzində müvafiq normativ sənədləri hazırlayıb qəbul etməlidir. Bu istiqamətdə atılan addımlar çərçivəsində artıq bir neçə normativ sənədin hazırlanmasına başlanılıb. Bunlardan biri “Ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının fəaliyyətinin tənzimlənməsi Qaydaları”dır. Bu sənədə əsasən, həmin təşkilatların fəaliyyətinin tənzimlənməsi, lisenziyalaşdırılması və bunun üçün tələb olunan sənədlərin siyahısı kimi məsələlər müəyyən edilməlidir. Eyni zamanda, nizamnamə kapitalı və digər göstəricilər də burada öz əksini tapacaq. Bununla yanaşı, ödəniş təşkilatlarının prudensial hesabatlılığı, ödəniş statistikasının, insidentlərin Mərkəzi Banka təqdim edilməsi, informasiya təhlükəsizliyi tələbləri və digər bu kimi məsələlər ayrıca normativ sənədlərlə tənzimlənəcək. Artıq onlar da hazırlanır və müəyyən edilmiş müddət ərzində icrası nəzərdə tutulub.
- Hazırlanan layihələrə əsasən ödəniş təşkilatları və ümumiyyətlə, fintexlər üçün nizamnamə kapitalı tələbi nə qədər olacaq?
- Layihələr formalaşdırılan zaman bu məqamlar məhz bazar iştirakçılarının birgə müzakirəsi çərçivəsində nəzərdən keçirilir. Həm Azərbaycan Banklar Assosiasiyası, həm də Azərbaycan Fintex Assosiasiyası ilə müzakirələr aparılır, onların rəy və tövsiyələri nəzərə alınmaqla iş aparılır. Nizamnamə kapitalının məbləği və digər elementlər beynəlxalq təcrübə, həmçinin yerli gündəmin ehtiyacları nəzərə alınmaqla hazırlanır, məbləği isə layihə tamamlanandan sonra bəlli olacaq.
Ödəniş təşkilatlarının prudensial hesabatlılığı, ödəniş statistikasının,
insidentlərin Mərkəzi Banka təqdim edilməsi, informasiya təhlükəsizliyi
tələbləri və digər bu kimi məsələlər ayrıca normativ sənədlərlə tənzimlənəcək
- Belə fikirlər səslənir ki, yeni qanunla tənzimlənəcək fintexlər banklara rəqib ola bilər. Bu nə dərəcədə doğrudur?
- Əslində, düşünürük ki, bu münasibətləri bazarın öhdəsinə buraxaq. Çünki bazara ödəniş xidmətlərini həyata keçirəcək yeni oyunçular daxil olacaq. Bəzi xidmətlərin aparılmasında fintexlər bankların imkanlarından faydalanacaqlar, onların xidmətlərindən istifadə edəcəklər. Bir sıra xidmətlərin həyata keçirilməsində isə onlar müstəqil fəaliyyət göstərə biləcəklər. Ona görə də burada həm rəqabət, həm də əməkdaşlıq perspektivləri olacaq.
- Bəs elektron kredit təşkilatlarının fəaliyyəti necə tənzimlənəcək? Onlar üçün konkret tələblər gözlənilirmi?
- “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunda ödəniş xidməti təşkilatçılarına kreditvermə imkanı yaradılır. Amma beynəlxalq təcrübəni də nəzərə alaraq, bu məbləğ böyük olmur. Həmin məbləğ istehlak krediti və digər kreditlərin verilməsi üçün deyil, məhz ödənişin həyata keçirilməsi üçün nəzərdə tutulan xırda bir kredit limitidir. Bu limitin müəyyən edilməsi üçün hal-hazırda müzakirələr gedir. Bununla yanaşı, kredit vermək üçün bank olmayan kredit təşkilatlarına (BOKT) kredit kartının emissiyası imkanı yaradılıb. (Vergilər.az)