Azərbaycanda avronun məzənnəsi dollardan da aşağı olub.
Eləcə də bax: Azərbaycan manatı lirəyə, funt-sterlinqə, yenə və franka qarşı - BAHALAŞIB
FED.az xəbər verir ki, son günlər Avropa valyutası dollar qarşısında yenidən zəifləməyə başlayıb və nəticədə 1beynəlxalq Foreks birjalarında 1 avro 0,995 dollara enib.
Bundan əvvəl belə hal iyul ayının ortalarında baş vermişdi.
Avro dollar qarşısında ucuzlaşması həm ABŞ Federal Rezerv sisteminin (FED) apardığı siyasət nəticəsində dolların möhkəmlənməsi, həm də Rusiya-Ukrayna müharibəsi fonunda avronun özünün də zəifləməsi ilə bağlıdır.
FED davamlı olaraq pul kredit siyasətini sərtləşdirəcəyini elan edir, qurum bir qədər əvvəl dollar üzrə uçot dərəcəsini artırıb, üstəlik bəyan edib ki, bu son hədd deyil, çünki hələlik inflyasiya tam cilovlanmayıb. Bunun nəticəsində dolların bundan sonra da möhkəmlənəcəyi gözlənilir.
Avroya isə əksinə, zəifləməkdədir – Rusiya-Ukrayna müharibəsində birbaşa təsirlənən enerji qiymətlərinin artımı Avropa iqtisadiyyatında caddi çətinliklər yaradır. Üstəlik Rusiya davamlı olaraq Avropaya qaz daşıyan əsas xəttin «Şimal Kəməri»nin qısa müddətli təmirə dayanacağını bildirir.
Nəticədə Dünən Avropada qazın qiyməti 3 min dolları, bəzi ölkələrdə isə enerjinin qiyməti 600 avronu keçib.
Avronun dollar qarşısında zəifləməsi özünü Azərbaycanda da göstərib, ölkəmizdə artıq ikinci dəfə 1 avro 1 dollardan ucuz olub.
Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə əsasən 2022-ci ilin avqustun 23-də ABŞ dollarının məzənnəsi 1,7000 manat, 1 avronun məzənnəsi 1.6891 manat təşkil edib.
AMB-nin rəsmi məzənnəərində avro dollardan ucuz olsa da, hələlik Azərbaycanın aparıcı banklarında avronun satış məzənnəsi dollardan yüksəkdir 1,72-1,73 manat. Avronun alış qiyməti isə artıq dollardan aşağı hədlərdə dəyişir – 1,63-1,65 manat ətrafında.
Avronun məzənnəsinin belə aşağı düşməsinin iqtisadi təsirlərindən danışmaq hələlik tezdir, proses uzunmüddətli olarsa, bu Avropadan alınan malların, o cümlədən dərmanların, avtomobillərin və sair məhsulların qiymətinin aşağı olması ilə nəticələnəcək. Eləcə də Avropada təhsil haqlarının manatla ifadədə cüzi alalmasında hiss olunacaq.