Azərbaycanda likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq 7 günlük əks-repo hərraclarının keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə - BƏYANATI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qurum xatırladıb ki, bu ilin sentyabr ayından pul siyasətinin yeni alətlərinin tətbiqinə başlanılıb. Bu istiqamətdə daimi imkan alətləri işə salınıb və açıq bazar əməliyyatlarının çeşidi artırılıb.
Daimi imkan aləti olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının tətbiqinə başlanılıb. Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi istiqamətində sterilizasiya məqsədilə zəruri hallarda 1,3,6 və 9 aylıq notlarla yanaşı, 7 günlük repo hərraclarının keçirilməsi məqsədəuyğun sayılıb.
AMB-nin təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbat daha yüksək olub. Sentyabr-noyabr aylarında 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 456,6 mln manat olub. 2022-ci ilin oktyabr-noyabr aylarında likvidliyin effektiv idarə olunması məqsədilə müxtəlif müddətli 34 not hərracı keçirilib. Ümumilikdə, noyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 1 170 milyon manat təşkil edib.
Yeni əməliyyat çərçivəsi gəlirlik əyrisinin formalaşmasına müsbət təsir edib. Noyabrda orta hesabla gəlirlik 28 günlük notlar üzrə 3,62 %, 84 günlük notlar üzrə 4,12 %, 168 günlük notlar üzrə 4,39 %, 252 günlük notlar üzrə 4,78 % olub.