2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadiyyatına yönəlmiş birbaşa xarici investisiyalar 1 milyard 518 milyon dollar olub.
Tədiyə balansının ehtiyat aktivləri 413 milyon dollar azalıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2025-ci ilin 1-ci rübünə həsr edilmiş tədiyyə balansında məlumat verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə xaricilərin Azərbaycana yatırımlarının məbləğində ciddi dəyişiklik yoxdur – ötən il bu rəqəm 1 milyard 508 milyon dollar idi, cəmi 10 milyon dollarlıq artım var.
Bu ilin ilk 3 ayında Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr ənənəvi olaraq Böyük Britaniya (405,8 milyon dollar), eləcə də Türkiyə (300,9 milyon dollar), Kipr (181 milyon dollar), Birləşmiş Ərəb Əmirlikləri (110,3 milyon dollar) və İran (90,1 milyon dollar) olub.
Ölkəmizə iri yatırımçılar arasında Macarıstanı (80,2 milyon dollar), Rusiya (64,3 milyon dollar), Yaponiya (48,4 milyon dollar), ABŞ (42,3 milyon dollar) və Niderlandı (22,3 milyon dollar) qeyd etmək olar.
Əvvəlki illə müqayisədə, Britaniyanın Azərbaycana yatırımları 10% azalıb, Türkiyənin yatırımlarə isə 15% artıb və nəticədə qardaş ölkənin Azərbaycana yatırımları ümumi investisiyaların içərisində 20%-ə yaxınlaşıb.
Kiprin Azərbaycana yatırımları cüzi (10 milyon) azalsa da, BƏƏ-dən gələn investisiyalarda 70 milyon azalma var.
Diqqəti çəknə məqam – Macarıstanın Azərbaycana yatırımlarının təqribən 2 dəfə, Niderlandın investisiyalarının isə 3 dəfədən çox artmasıdır.