Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Sayıştay Başkanlığının prezidenti Seyit Ahmet Baş və Özbəkistan Hesablama Palatası sədrinin birinci müavini Bakhodir Turabovun iştirakı ilə videokonfrans rejimində keçirilmiş üçtərəfli toplantıda iştirak edib.
Eləcə də bax: Birinci rübdə Hesablama Palatası 2021-ci il üçün büdcənin - 18,5%-ni İstifadə Edib
Bu barədə FED.az-a palatadan bildirilib.
Məlumata görə, toplantıda ECOSAI təşkilatı çərçivəsində və ikitərəfli səviyyədə qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin gücləndirilməsində əməkdaşlığın zəruriliyi məsələləri müzakirə edilib. Türkiyə Sayıştay Başkanlığının Prezidenti Seyit Ahmet Baş ECOSAI təşkilatının gələcək fəaliyyət istiqamətləri, habelə üzv Ali Audit Qurumların (AAQ) fəaliyyətindəki bir sıra məqamlara toxunaraq üçtərəfli görüşün önəmini qeyd edib.
Toplantıda Özbəkistan Hesablama Palatası Sədrinin birinci müavini Bakhodir Turabov birgə fəaliyyət ilə AAQ-lar arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldırmağın mümkünlüyündən bəhs edib və Əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının zərurətini vurğulayıb. Özbəkistan AAQ-ı gələcəkdə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq standartlar əsasında hazırlanmış metodoloji təlimat və vəsaitlərin öyrənilməsi məqsədi ilə təlim səfərlərinin təşkil edilməsi və daha sıx görüşlərin keçirilməsinin əhəmiyyətini də bildirib.
Toplantıda Azərbaycan Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov çıxış edərək ECOSAI təşkilatı nəzdində üzv AAQ-ların əməkdaşlığı, həmçinin Türkiyə Sayıştay Başkanlığı ilə sıx əməkdaşlıq nəticəsində uğurla həyata keçirilmiş son fəaliyyətlərdən bəhs etmiş və ECOSAI-ın bu təşəbbüslərdə və fəaliyyətlərdə önəmini qeyd edib.
Toplantı Anlaşma Memorandumunun imzalanması, habelə yaxın gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq fəaliyyətlərin görülməsi ilə bağlı müzakirələrlə bitib.