Azərbaycan Mərkəzi Bankı (AMB) SWIFT təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin etibarlı, davamlı və təhlükəsiz ödəniş həllərinin təqdim edilməsi istiqamətində müzakirələr aparıb.
Mərkəzi Bank: «Azərbaycanın kapital və bank bazarına fintex şirkətlərini cəlb etmək istəyirik»
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, SWIFT-in nümayəndə heyəti AMB-də olub, ölkəmizdə fəaliyyət göstərən kommersiya banklarının və müvafiq maliyyə qurumlarının aidiyyəti nümayəndələrindən ibarət SWIFT İstifadəçilər Qrupu ilə birgə görüş keçirilib.
Görüş zamanı ölkənin milli ödəniş infrastrukturunun cari vəziyyəti, ISO20022 beynəlxalq standartına keçid üzrə görülmüş işlər və ödəniş xidmətlərinin inkişaf perspektivləri, SWIFT təşkilatı tərəfindən reallaşdırılan hazırki və gələcək fəaliyyət proqramları, o cümlədən SWIFT-in komplayens həllərinin əsas xüsusiyyətləri, müştəri təhlükəsizliyi proqramının məqsəd və prinsipləri müzakirə olunub.
"Ölkədə rəqabətli, innovativ və əlçatan maliyyə xidmətlərinin formalaşdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daim inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin effektiv icrası diqqət mərkəzində saxlanılacaq", - deyə AMB bəyan edib.