Sığorta şirkətləri investisiyalarını əsasən dövlət qiymətli kağızlarına yönəldir.
AMB: “5 manat gəliri olana 6 manat borc verilməməlidir”
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə və Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bu gün keçirilən “Maliyyə Sabitliyi Hesabatı”nın təqdimatı zamanı məlumat veriblər.
Şahin Mahmudzadənin sözlərinə görə, sığorta şirkətlərinin əsas investisiya mənbələri dövlət qiymətli kağızlarıdır, növbəti yerdə isə bank depozitləri gəlir: “Maliyyə sektorunda hansı alətlər mövcuddursa, sığorta şirkətləri maksimum dərəcədə həmin alətlərə investisiya yönəldirlər,” – deyə əlavə edib.
Mövzuya münasibət bildirən Ataxan Həsənov qeyd edib ki, ümumilikdə investisiyaların ən böyük payı dövlət qiymətli kağızlarına düşür: “Hazırda bu istiqamətdəki investisiyaların həcmi 856 milyon manatdır. Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızların emissiyasının azalması fonunda bu məbləğ 1 milyard manatdan 856 milyon manata enib.”
Onun sözlərinə görə, sığorta şirkətlərinin digər mühüm investisiya istiqaməti bank sektorudur: “Banklardakı vəsaitlər artaraq 395 milyon manatdan 600 milyon manata çatıb. Bundan başqa, az sayda olsa da, daşınmaz əmlak sektoruna da müəyyən investisiyalar yatırılıb,” – deyə Ataxan Həsənov əlavə edib.