Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) sədrinin Türkiyə təmsilçisi Mikayıl Mirzəzadə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci ilə görüşüb.
Eləcə də bax: Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni qiymətləndiricilərə sertifikatlar verdi
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə birlik sədrinə məlumat verən M.Mirzəzadə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir və 1999-cu ildən fəaliyyət göstərir.
Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan AQC sədrinin təmsilçisi əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə fəal əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycanlı həmkarları ilə yaranacaq əməkdaşlıqdan məmnunluğunu ifadə edən Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.
AQC sədri Vüqar Orucla Türkiyə səfəri zamanı görüşüb əməkdaşlığın detallarını müzakirə edəcəklərini diqqətə çatdıran Y.Bahçeçi qarşıdakı aylarda özünün də Bakıya səfər edəcəyini bildirib.
Onun sözlərinə görə, birgə təlimlərin keçirilməsi, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi qarşıda duran əsas hədəflərdən biridir. Bahçeci Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandumun imzalanması təşəbbüsünü yüksək qiymətləndirib və bundan sonra münasibətlərin inkişaf edəcəyini deyib.
AQC sədri Vüqar Orucun gələn ay Türkiyəyə baş tutacaq səfəri çərçivəsində əməkdaşlıq sazişinin imzalanması qərara alınıb.
Xatırladaq ki, Yaşar Bahçeci Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biridir. Eyni zamanda “EVA Real Estate Appraisal Consultancy Inc”in İdarə Heyətinin sədridir. 2009-2019-cu illərdə Kırşehir bələdiyyə başqanı olub.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) isə 54 qiymətləndirmə şirkətini özündə birləşdirir və ölkə qiymətləndiricilərinin yeganə kollektiv birliyidir. 23 ildir fəaliyyət göstərən AQC Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvüdür və onlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Quruma 20 may 2022-ci ildən iqtisadçı ekspert, “Vecon Consulting” şirkətinin təsisçisi Vüqar Oruc rəhbərlik edir.