Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Taleh Kazımov: "İnternet bankçılıqla həyata keçirilən əməliyyatlar 172 milyarda çatıb"
FED.az xəbər verir ki, memorandumu Xüsusi Rabitə İnformasiya və Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Mərkəzi Bankın sədri Taleh Kazımov imzalayıb.
Memorandum XRİTDX və Mərkəzi Bank arasında fəaliyyət istiqamətləri ilə əlaqədar maliyyə bazarları üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində baş verən insidentlər, kiberhücumlar və digər məqsədyönlü hücum cəhdləri barədə məlumat mübadiləsi, eləcədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədini daşıyır.
Həmçinin, anlaşma memorandumu çərçivəsində maliyyə bazarları üzrə sahəvi “CERT”in yaradılması (FinCERT) və akkreditasiya olunması ilə əlaqədər birgə fəaliyyətin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası tərəfindən Azərbaycan Resublikası Mərkəzi Bankı və “Visa Inc.” beynəlxalq ödəniş sisteminin birgə dəstəyi əsasında ölkəmizdə ilk dəfə olaraq Baku Fintech Forum 2023 tədbiri keçirilir.
Bakı Fintech Forum 2023 ölkədə fəaliyyət göstərən maliyyə institutları ilə yanaşı beynəlxalq maliyyə isntitutlarının cəlb edildiyi ilk regional xarakterli fintex forumudur. Maliyyə bazarları iştirakçılarının geniş marağına səbəb olan Bakı Fintex Forumu 2023 təşkili fintex ekosisteminin gələcək inkişaf istiqamətlərini müəyyən edəcək effektiv bir platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Fintex forumunda fintex ekosisteminin bu gün və gələcəyi, ekosistemin inkişaf üzrə aparılan qanunvericilik islahatları, investisiya imkanları və onların gələcəyi, fintex ekosistemində startapların fəaliyyət istiqamətləri kimi mövzularda təqdimatlar keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılır. Forumun gündəliyinə prioritet mövzulardan həmçinin rəqəmsal bank və bu sahədə innovasiyaların tətbiqi imkanları, rəqəmsal bankçılıq sahəsində son inkişaf trendləri də daxil edilib.