2020-ci ildə Azərbaycan bankları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 1,2 milyard manat məbləğində 52 minə yaxın kredit restrukturizasiya edib və bu proses hazırda da davam etməkdədir.
Eləcə də bax: Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız - Qeydiyyata Alınıb
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 %-i biznes, 9 %- i istehlak, 4 %-i ipoteka kreditlərinin payına düşüb.
Ötən il bank sektorunun maliyyə vasitəçiliyinin genişləndirilməsi və kredit əlçatanlığının artırılması istiqamətində də tədbirlər davam etdirilib. Hökumətin və requlyatorun sinxronlaşdırılmış tədbirləri sayəsində kredit aktivliyinin kəskin azalmasının qarşısı alınıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli bağlanmış banklar nəzərə alınmadan 14,2 milyard manat olub. İl ərzində bankların ipoteka portfeli 13% artıb, biznes kreditləri portfeli sabit qalıb, istehlak kreditləri portfeli isə 6,3 % azalıb. Kredit portfelinin 60 %-ni (8,5 milyard manat) biznes, 26 %-ni (3,7 milyard manat) istehlak kreditləri, 14 %-ni (2 milyard manat) ipoteka kreditləri təşkil edib. (Report)