Azərbaycanın milli aviasiya şirkəti olan AZAL gəmi istehsalı ilə məşğul olan qurum – «Bakı Gəmiqayırma Zavoduna 5 milyon dollar faizsiz kredit ayırıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir. Hesabatdan məlum olur ki, faizsiz kredit bir neçə gün əvvəl verilib.
Sənəddə deyilir ki, 8 dekabr 2025-ci il tarixində AZAL öz əlaqəli tərəfi olan "Bakı Gəmiqayırma" MMC ilə borc müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, Şirkət 15 dekabr 2025-c il tarixində qarşı tərəfə 5 milyon dollar məbləğində faizsiz borc verib. Şərtlərə əsasən bu kredit 31 yanvar 2028- ci il tarixinədək tam şəkildə qaytarılmalıdır.
Xatırladaq ki, AZAL və "Bakı Gəmiqayırma" MMC dövlətə məxsus AZCON Holdinqin tərkibindədir.
Azərbaycan prezidentinin 2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş AZCON-un Nizamnaməsinə əsasən, AZCON nəqliyyat və kommunikasiya sektorunda fəaliyyət göstərən dövlət müəssisələrinin yeganə səhmdarıdır və dövlət adından çıxış edir. "Azərbaycan Hava Yolları" QSC AZCONun idarəetməsinə verilmiş dövlət müəssisələrindən biridir.










