Xəbər verildiyi kimi, dekabrın 29-da prezident İlham Əliyev dövlətə məxsus şirkət və qurumların büdcə layihələri, gəlir və xərclərinin icrasına nəzarət (Qaydalar_1) , eləcə də dövlətə məxsus şirkətlərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinə aid (Qaydalar_2) qaydaları təsdiqləyib.
FED.az xəbər verir ki, bu qaydalar «Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında» 25 avqust 2025-ci il tarixli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilib.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, məqsəd dövlət vəsaitindən səmərəli istifadə edilməsi, dövlət şirkətlərində şəffaflığın artırılması, dövlət müəssisələrinin xalis mənfəəti və dividendlərə nəzarət məqsədi daşıyır.
Qaydalara əsasən dövlət şirkətlərində büdcəyə əməl olunması monitorinq ediləcək, icra göstəriciləri təhlil olunacaq. Həmçinin dövlət müəssisələri tərəfindən dövlət büdcəsinə xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödəniləcək.
Nazirlik bildirir ki, dövlət müəssisələri 2026-cı il aprelin 1-dən etibarən müəyyən edilmiş forma və müddətlərdə büdcə göstəricilərini və İFRS-ə uyğun maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Öz növbəsində Maliyyə Nazirliyi illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının necə icra edilməsini monitorinq edəcək, habelə aparılmış təhlillərin nəticələri barədə 2026-cı ildən başlayaraq rübdə bir dəfə olmaqla ölkə başçısına məlumat təqdim edəcək.
Bundan başqa, sözügedən Fərmana əsasən dövlət müəssisələri əvvəlki illər üzrə maliyyə hesabatlarını və 2026-cı il üçün təsdiq edilmiş büdcələrini də 2026-cı il aprelin 30-dək Nazirliyə təqdim edəcəklər.
Qaydaların təsdiqi ilə bağlı müddəalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.










