Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard hesab edir ki, neft qiymətləri yüksək olaraq qalacaq və bunu qəbul etmək lazımdır.
İsraildəki müharibə fonunda – NEFT KƏSKİN BAHALAŞDI
FED.az xəbər verir ki, o, bu barədə “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib.
“Düşünürəm ki, biz neftin qiymətinin yüksək qalacağı amilinə öyrəşməliyik. Bu, bizi iqlim dəyişikliyi ilə mübarizədə daha fəal olmağa və qalıq yanacaqlardan və xaricdən daha az asılı olan enerji strukturuna doğru irəliləməyə sövq etməlidir” – deyə o qeyd edib.
Laqardın sözlərinə görə, iqlim təhlükələrinə qarşı mübarizə üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir: “Avropalıların borc almalı, investisiya qoymalı və yükü bərabər şəkildə bölüşməli olduğu bir sahə varsa, o da iqlim dəyişikliyi ilə mübarizədir”.
Bir müddət əvvəl InfoTEK-in eksperti və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Valeri Andrianov bildirmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı, eləcə də OPEK ölkələri vəziyyətə yaxından nəzarət etməyə çalışırlar. Belə ki, istehsalın azaldılmasını genişləndirməklə tədarükü məhdudlaşdırırlar. Onun fikrincə, neft hasilatçıları öz strateji məqsədlərinə nail olmağa, yəni 100 dollara qədər mümkün sıçrayışlarla bir barelin qiymətini 90 dollar civarında saxlamağa çalışacaqlar. (Azərtac)