İsrail və HƏMAS arasında müharibə fonunda birjalarda «Brent» və «WTI» markalı neftin qiyməti 4%-ə qədər bahalaşıb.
FED.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı dekabr fyuçerslərinin qiyməti 88,99 dollar/barelə çatıb, lakin Bakı vaxtilə saat 6:39-da 87,98 dollara (+4,02%) düzəliş edib. Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.
«ANZ Qrupu»nun ekspertləri Brian Martin və Daniel Hynes AFP-yə bildiriblər ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı, yoxsa digər bölgələrə, xüsusilə də Səudiyyə Ərəbistanına genişlənəcəyidir. AFP həmçinin qeyd edir ki, müharibə ABŞ və İranın münaqişəyə girə biləcəyi qorxusunu artırıb.
Ötən rübdə neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. Brent markalı neftin qiyməti üç ayda 23,1% artaraq 92,2 dollar/barelə, WTI nefti 28,5% artaraq 90,79 dollar/barelə çatıb. Lakin oktyabrın əvvəlində tələbin mümkün azalması ilə bağlı narahatlıqlar fonunda neftin qiyməti ucuzlaşmağa başlayıb.