Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçısı "H and M Agro" şirkətinə 2 milyon ABŞ dollarına ekvivalent olan yüksək təminatlı kredit ayırıb.
AYİB "Gemza Group LLC"yə 6 milyon avroya yaxın - KREDİT VERƏCƏK
FED.az xəbər verir ki, bu barədə AYİB-dən bildirilib. Məlumata görə, kredit şirkətə hidroponik istixanalarını genişləndirməyə kömək edəcək: "Vəsaitlər Salyan şəhərində səmərəli və ekoloji cəhətdən təmiz istixanaların quraşdırılmasına sərf olunacaq ki, bu da "H and M Agro"ya torpaq, su və gübrələrdən səmərəli istifadə etməklə daha yüksək məhsuldarlığa nail olmağa və ətraf mühiti qorumağa kömək edəcək. Bu, "H and M Agro"nun rəqabət qabiliyyətini artıracaq və ona beynəlxalq miqyasda müştəri bazasını şaxələndirməyə imkan verəcək".
Bildirilib ki, Avropa İttifaqı (Aİ) özünün "EU4Climate" təşəbbüsü ilə bu krediti AYİB-in İqlim Dəyişikliyi üzrə Maliyyə və Texnologiyanın Köçürülməsi Mərkəzi (FINTECC) vasitəsilə uyğun xərclərin 13 faizinə qədər qrant dəstəyi ilə tamamlayacaq.
‘“Tərəfdaşlarımızla birlikdə Azərbaycanda dayanıqlı əkinçilik üsullarını inkişaf etdirməkdən və kənd təsərrüfatı şirkəti olan “H and M Agro”nu genişlənməsini dəstəkləməkdən məmnunuq”, - AYİB-in Qafqaz üzrə regional rəhbəri Catarina Bjorlin Hansen bildirib.
"Bu investisiya şirkətə artan tələbatını ödəmək üçün daha yüksək məhsuldarlığa nail olmağa, beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmağa kömək edəcək, eyni zamanda, resursların daha səmərəli istifadəsi ilə nəticələnəcək.
“H and M Agro-ya verilən bu maliyyələşdirmə vəsaiti İqtisadi və İnvestisiya Planının Azərbaycan bizneslərinə fəaliyyətlərini genişləndirməyə, yeni bazarlara çıxmağa necə kömək edə biləcəyinin praktik nümunəsidir. Aİ və AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və daha çox iş yerlərinin yaradılması üzrə birgə məqsədimizi həyata keçirmək üçün birlikdə işləməyə davam edəcək” deyə, Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə direktoru Lawrence Meredith bildirib.
Qeyd edək ki, hidroponika məhsul yetişdirmək üçün ekoloji cəhətdən təmiz bir üsuldur. Bu, istehsalçılara torpaqdan istifadə etmədən su istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verən qeyri-ənənəvi bir üsuldur. Bu, daha yüksək məhsuldarlığa və səmərəliliyin təkmilləşməsinə səbəb olur. (Apa)