Asiya İnkişaf Bankı (ADB) bu il üçün Azərbaycanda inflyasiya gözləntisini əvvəlki proqnoza nisbətən 1 faiz bəndi artıraraq 4,5%-ə çatdırıb.
Eləcə də bax: Mərkəzi Bank daha yüksək inflyasiya gözləyir - PROQNOZUNU AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə ADB-nin yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri (ADO) 2021” hesabatında bildirilib.
Sənədə əsasən, gələ il isə Azərbaycanda infyasiya 3% səviyyəsində reallaşacaq.
Bu göstərici bu il üçün Gürcüstanda 9,5 %, Qazaxıstanda 6,9 %, Ermənistanda isə 5,5 % səviyyəsində reallaşacaq. Gələn il isə bu ölkələrdə inflyasiya müvafiq olaraq 4 %, 6,4 % və 3 % olacaq.
Qeyd edək ki, ADB bu il üçün Mərkəzi Asiya regionunda inflyasiya göstəricisini əvvəlki proqnoza nisbətən 0,9 faiz bəndi artıraraq 7,7 %-ə çatdırıb. Gələn il isə regionla bağlı inflyasiya gözləntisin əvvəlki proqnoza nisbətən 0,4 faiz bəndi artıraraq 6,7 %-ə yüksəldib.
Xatırladaq ki, Azərbaycan hökuməti cari ildə orta illik inflyasiyanə 5,4-5,8 %, illik inflyasiya isə 7-7,5 % səviyyəsində proqnozlaşdırırr. 2022-ci ildə isə illik inflyasiyanın 4-5 % səviyyəsində olacağı proqnozlaşdırılır.
Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0,5 % olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6,7 % təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4,8 % olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3 % təşkil edib.
Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0,8 % yüksəlib, illik ərzaq inflyasiyası 7,8 % təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5,4 % olub. Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7 % deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0,8 % deflyasiya olub. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3,1 %, son bir ildə isə 32,9 % yüksəlib.
Avqustda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 0,3 %, xidmətlər üzrə 0,2% yüksəlib. İllik əsasda inflyasiya qeyri-ərzaq məhsulları üzrə 5 %, xidmətlər üzrə isə 6,4 % təşkil edib. (Report)