Bu ilin sonunadək Azərbaycanda inflyasiyanın daha da yüksələcəyi gözlənilir.
FED,az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri barədə açıqlamasında bildirilir.
ləcə də bax: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini dəyişdi - TƏCİLİ
Xatırladaq ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.
Ölkənin monetar requlyatorunun açıqlamasında deyilir ki, 3 ay əvvəlki ötən iclasından sonrakı dövrdə ölkədə illik inflyasiya tempi yüksəlib.
«Rəsmi statistikaya görə avqustda inflyasiya səviyyəsi 0.5% olmuş, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil etmişdir. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olmuşdur. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil etmişdir»-deyə açıqlamada bildirilir.
Bu dövrdə qiymət artımı özünü əhali üçün daha həssas olan ərzaq məhsullarında göstərib. Belə ki, son br ildə qiymətlərin ümumi artımı 6,7% olduğu halda, ərzaq mallarında qiymət artımı 7,8% olub.
«Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlmiş, illik ərzaq inflyasiyası 7.8% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-avqust aylarında 5.4% olmuşdur».
Həmişə yay aylarında qiymətlərin azalması müşahidə edilsə də, AMB bildirir ki, bu il azalma cüzi olub.
«Mövsümi amillərin tarixi təhlilləri göstərir ki, son 10 ildə hər ilin may-avqust aylarında ərzaq məhsulları üzrə kumulyativ olaraq 3-7% deflyasiya müşahidə olunurdusa, cari ilin müvafiq mövsümündə cəmi 0.8% deflyasiya olmuşdur»-deyə Mərkəzi Bank bildirir.
Mərkəzi Bank bildirir ki, ərzağın bahalaşmasının əsas səbəbi dünyadakı proseslər və qiymət artımıdır. «Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri avqustda 3.1%, son bir ildə isə 32.9% yüksəlmişdir».
Mərkəzi Bank bildirir ki, bu dövrdə Azərbaycanda istehsalçı qiymətləri indeksi də ümumilikdə artmaqdadır. «Avqustda ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində istehsalçı qiymətləri indeksi 23%, kənd təsərrüfatında isə 2.6% artmışdır».
Göründüyü kimi, kənd təsərrüfatında istehsalçı qiymət artımı ərzğın qiymət artımından geri qalır. Mərkəzi Bank buna əsaslanaraq bildirir ki, ərzaq bazarında bahalaşmanın səbəbi yerli amillərdən daha çox xarici amillər, yəni xaricdən idxal olunan ərzağın bahalaşmasıdır: «Kənd təsərrüfatı məhsulları üzrə istehsalçı qiyməti indeksinin artım tempinin ərzaq inflyasiyası səviyyəsindən geri qalması ərzaq məhsulları üzrə inflyasiya idxalının yüksək olduğunu göstərir»-deyə baş bankın açıqlamasında deyilir.
Ümumilikdə Mərkəzi Bank ölkə üzrə qiymət artımının bir neçə əsas səbəbini göstərir. Bunlar: (1) dünya bazarında ərzaq və qeyri-ərzaq qiymətlərinin artımı, (2) ticarət tərəfdaşı ölkələrində inflyasiyanın sürətlənməsi, (3) ertələnmiş tələbin fəallaşması, (4) dövlət tənzimlənməsi tətbiq edilən qiymət və tariflərin liberallaşdırılmasıdır (yəni Tarif şurasının bəzi məhsul və xidmətlərin qiymətini artırmasıdır – FED.az).
Məsələ bundadır ki, hazırda yüksək qiymət artımı təkcə Azərbayanda deyil, eləcə də qonşu ölkələrdə və Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə də müşahidə edilir. AMB xatırladır ki, avqustda illik inflyasiya Avrozonada son 117 ayın maksimumuna çataraq 3%, ABŞ-da 156 ayın maksimumuna çataraq 5.3%, Rusiyada son 60 ayın maksimumuna çataraq 6.7%, Qazaxıstanda son 56 ayın maksimumuna çataraq 8.7%, Belarusda son 56 ayın maksimumuna çataraq 9.8%, Ukraynada son 39 ayın maksimumuna çataraq 10.2%, Gürcüstanda son 123 ayın maksimumuna çataraq 12.8% və Türkiyədə son 28 ayın maksimumuna çataraq 19.3% təşkil edib.
Bunları nəzərə alaraq qarşıdakı aylarda da qiymət artımı daha da yüksələcək. Belə ki, Mərkəzi Bank xarici və daxili amilləri nəərə alaraq sentyabrdakı pronozlarında 2021-ci ilin sonuna inflyasiya proqnozunu yüksəldib. Proqnozlara görə, cari ildə orta illik inflyasiya 5.4-5.8%, illik inflyasiya isə 7.0-7.5% səviyyəsində gözlənilir. 2022-ci ildə isə illik inflyasiyanın 4-5% səviyyəsində olacağı proqnozlaşdırılır.