"Azərbaycanda sahibkarlar bizdən daha çox kredit məhsulları barədə soruşurlar. Amma mən özümə borc bilirəm deyim ki, biz həm də səhmdar kapitalda payçı kimi iştirak edə bilərik".
FED.az xəbər verir, bunu ADMEDİA reklam şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçı Sənan Şabanov deyib.
“Görüşdüyümüz bütün sahibkarlar bizdən daha çox kredit istəyirlər. Səhmdar kapitalda payçı kimi bizim öz strategiyamız var və o şirkətlər razı olsa, biz 5-7 il ərzində payımızı satıb çıxa bilərik. Amma bunun üçün şirkət dayanıqlı və davamlı inkişaf yolunda olmalıdır”, - deyə o, qeyd edib.
ADB rəsmisi təmsil etdiyi qurumun Azərbaycandakı investisiya portfelindən də danışıb: “Bu günə qədər Azərbaycana verdiyimiz və geri ödənilmiş kreditlərin məbləği 4 mlrd ABŞ dollarıdır. ADB-ni daha çox dövlət sektoru ilə işləyən bank kimi tanıyırlar. Amma bizim özəl sektorla da müəyyən layihələrimiz var. 2030-cu ilə olan strategiyamızda 7 hədəf var. Onlardan biri investisiya və kredit portfelimizdə özəl sektorun payını artırılaraq 1/3-ə çatdırmaqdır. Biz həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə “Dövlət-özəlt tərəfdaşlığı (PPP) haqqında” qanun layihəsinin hazırlanmasında iştirak etmişik və artıq həmin sənəd Milli Məclisdə I oxunuşdan keçib”, - deyə S.Şabanov əlavə edib.