Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası Qaradağ rayonu Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün “Masdar Azerbaijan Energy” MMC-yə 35,7 milyon ABŞ dolları həcmində kreditin ayrılmasının təsdiq edib.
Eləcə də bax: AİB "Qaradağ" GES-in tikintisinə 23 mln. dollar - AYIRACAQ
FED.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Baş investisiya mütəxəssisi David Urbaneja Furelous deyib.
Layihə ADB-nin 2030-cu il strategiyasının iqlim dəyişikliyi ilə mübarizə, iqlim dəyişikliyinə və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması, həmçinin ekoloji dayanıqlığın artırılması kimi 3 əməliyyat prioritetini dəstəkləyir. Layihə, həmçinin ADB-nin Azərbaycan dövləti ilə 2019-2023-cü illəri əhatə edən tərəfdaşlıq strategiyasının icrasına öz töhfəsini verir. Məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsini və maliyyə imkanlarına çıxışın yaxşılaşdırılmasını dəstəkləməklə ölkənin neft asılılığının azaldılmasına və iqtisadi dayanıqlığın artırılmasına nail olmaqdır.
“Bu layihə Azərbaycanda həyata keçirilən ilk kommunal miqyaslı müstəqil günəş enerjisi layihəsidir ki, sosial-iqtisadi dayanıqlığa öz töhfəsini verəcək enerji təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Bu, COVID-19 pandemiyasından sonra və Rusiya-Ukrayna münaqişəsi fonunda sosial və iqtisadi bərpa kontekstində xüsusilə böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ölkənin ticarət dövriyyəsinə, xüsusilə də ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir edəcəyi gözlənilir. Elektrik enerjisi təchizatı xidmətlərinin etibarlığının və keyfiyyətinin artırılması əhaliyə elektrik avadanlıqlarından istifadə etməsinə imkan verəcək və onları müsəssisələr yaratmağa təşviq edəcək ki, bu da öz növbəsində onların həyat səviyyəsini artırmağa şərait yaradacaq. Layihə çərçivəsində hasil ediləcək elektrik enerjisinə çıxış əldə edəcək müəssisələr və ailə təsərrüfatları layihədən bilavasitə faydalanacaqlar.
Ümumi dəyəri 240 milyon ABŞ dolları təşkil edən layihənin icrasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 51 milyon ABŞ dolları ayırmağı planlaşdırır. Layihənin maliyyələşdirilməsində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC Dünya Bankı Qrupuna daxildir) da iştirak edəcəyi gözlənilir.
Layihə - günəş fotoelektrik qurğusunun və yeni yarımstansiyanın, yerli yarımstansiyanı ölkə şəbəkəsi ilə birləşdirən 330 kV-lıq hava elektrik ötürücü xəttinin tikintisi, mövcud yola paralel yeni kənar yolun salınması üçün yolların yaxşılaşdırılması kimi 3 komponentdən ibarətdir.
Qaradağ GES-in tikintisi layihəsini "Abu Dhabi Future Energy Company" (Masdar) icra edir. Layihənin icrası üçün Azərbaycanda “Masdar Azerbaijan Energy” MMC qeydiyyatdan keçib. (Report)