Asiya İnkişaf Bankı (AİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının tikintisinə 23 mln. ABŞ dolları məbləğində kredit ayıracaq.
Eləcə də bax: “Qaradağ” Günəş Elektrik Stansiyasının dəyəri - AÇIQLANIB
FED.az xəbər verir ki, hazırda təklif mərhələsində olan kreditin iyulun 25-də təsdiq olunması gözlənilir.
Ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC sözügedən layihədə borcalan qismində çıxış edəcək. BƏƏ-nin "Masdar" şirkəti isə layihənin sponsoru olacaq.
Qeyd edək ki, bundan əvvəl, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da "Qaradağ" GES-i tikintisinə 51 mln. dollar məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayıracağını açıqlamışdı. Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən kreditin aprelin 27-də təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal ediləcək enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir. (Apa)