Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Direktorlar Şurasının iclası keçirilib. Yığıncaq torpaqlarımızın azadlığı urğunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Vüqar Oruc: "Dövlət satınalmalarında süni rəqabət yaradılır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sədr bildirib ki, rəhbəri olduğu cəmiyyət dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vatisələri, ələxsus da xarici əlaqələr sahəsində fəaliyyətini genişləndirib. Bir çox dövlət qurumları ilə qarşılıqlı Anlaşma Memorandumlarının imzalandığını söyləyən AQC sədri bir neçə ay öncə təsis olunan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin fəaliyyəti barədə toplantı iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tamhüquqlu, Türkmənistanın və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ üzv qismində qatıldığı Birliyin Rəyasət Heyətinin gələn ay Türkiyə paytaxtında növbəti yığıncağı keçiriləcək.
AQC sədri Türkiyənin Ankara Universiteti ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) əməkdaşlıq müqaviləsi imzaladığını, ölkəmizin nüfuzlu ali məktəblərindən birində Qiymətləndirmə fakültəsinin yaradılmasına hazırlıq getdiyini vurğulayıb. Əlavə edib ki, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, peşəkarlıq vərdişlərinin yüksəldilməsi məqsədilə qiymətləndirmə sahəsində elmi jurnalın da nəşrinə hazırlaşırlar. Sədr ötən dövr ərzində bir çox nazirliklərdə və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görüşlər keçirildiyini diqqətə çatdırıb.
“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan və Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasından ciddi gözləntiləri olduğunu deyən AQC sədri rəhbəri olduğu cəmiyyətin bu prosesdə yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, ötən dövr ərzində iki şirkət neqativ fəaliyyətinə görə, cəmiyyətin sıralarından xaric olunsa da, yeni qəbul olunan qiymətləndirmə şirkətlərinin hesabına AQC üzvlərinin sayı artıb. Hazırda 60 qiymətləndirmə şirkətinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) təmsil olunduğunu deyən Vüqar Oruc əksər şirkət rəhbərlərinin Direktorlar Şurasının yığıncağında iştirakından məmnunluğunu ifadə edib. Ölkəmizin ilk assosiativ peşə birliklərindən olan AQC-nin qarşıdakı dövrdə ənənəvi fəaliyyətini davam etdirəcəyini söyləyib.
Daha sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi Direktorlar Şurasında müzakirə olunub. Bildirilib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, deputatların və digər rəsmilərin iştirakı ilə baş tutan müzakirələrdə AQC sədri Vüqar Oruc və sədr müavini Ramil Osmanlı iştirak edib. Qanun layihəsi ətrafında AQC sədri Vüqar Oruc, sədr müavini Ramil Osmanlı, sədrin müşavirləri Nüsrət İbrahimov və Azər Niftiyev, AQC üzvləri çıxış ediblər. AQC-yə daxil olan şirkətlər adından Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşdırılmasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaxından iştirakının təmin olunmasına şərait yaradılması xahişilə cənab Prezident İlham Əliyevə müraciət olunması qərara alınıb.
Daha sonra qiymətləndirmə fəaliyyətinin şəffaflığının və əlçatanlığının təmin olunması istiqamətində müzakirələr aparılıb. Çıxış edən şirkət rəhbərləri qarşılaşdıqları problemlər barədə AQC rəhbərliyini və Direktorlar Şurasını məlumatlandırıb. Lokal antiterror əməliyyatları zamanı Azərbaycanın suvereneliyinin tam bərpa olunması ilə əlaqədar Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv olan şirkətlərin adından minətdarlıq məktubu göndərilməsi qərara alınıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən təşkil olunan sertifikasiya imtahanında müvəfəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim olunub.
Yekunda Direktorlar Şurasının üzvləri xatirə fotosu çəkdirib.