Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Prezident “Dövlət satınalmaları haqqında” yeni qanunu - TƏSDİQLƏDİ
Qeyd edək ki, bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
FED.az Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Orucun “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu, qanundan gözləntilər və digər mövzularla bağlı müsahibəsini təqdim edir:
- “Dövlət satınalmaları haqqında” yeni qanundan gözləntiləriniz nədən ibarətdir?
- Bu qanunda vacib dəyişikliklər öz əksini tapıb. Dövlət satınalmalarının yalnız portal üzərindən həyata keçirilməsi, məbləğdən asılı olaraq müvafiq müddətlərin müəyyən edilməsi və digər məqamlar bu sırada yer alır. Açıq tenderlər üzrə ehtimal qiymət 1 milyon manata qədər olarsa, bu zaman elanların verilməsi 15 iş günündən öncə həyata keçirilməlidir. 10 milyon manata qədər olan tenderlər üzrə 20, 10 milyon manatdan çox olan tenderlər üzrə isə 30 iş günündən öncə elanlar verilir. Məbləğlərə görə, müvafiq müddətlərin müəyyən olunması səmərəli təkliflərin cəlbi, eləcə də şəffaflığın təmin olunması baxımından zəruri əhəmiyyət kəsb edir. Bu, eyni zamanda dövlət büdcəsinə qənaət baxımından da vacibdir.
Prezidentin rəhbərliyi altında həyata keçirilən çoxvektorlu islahatların icra mexanizmlərini formalaşdırmaq baxımından qanunvericilik bazasının təkmişlləşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması qaçılmazdır. Təsadüfi deyil ki, son illərdə bir çox sahələrdə qanunvericilik bazası yenilənib və “Dövlət satınalmaları haqqında” yeni qanunun qəbulu da bu qəbildəndir. Biznes subyektlərinin satınalma prosesinə cəlbi, keyfiyyətli xidmətlərin göstərilməsi, dövlət büdcəsindən yayınmaların qarşısının alınması baxımından qanundan gözləntilər böyükdür. Qanun mükəmməldir, əsas məsələ onun işlək olmasıdır. Əminliklə söyləmək olar ki, maraqlı dairələr və tərəflər qanunun imitasiyasına və sui-istifadə hallarına yol verməsə, dövlət satınalmaları zamanı şəffaflığı təmin etmək mümkün olacaq.
- Dövlət satınalmaları, tender və kotirovka sorğuları barədə neqativ fikirlər səsləndirilir. İddialara görə, dövlət satınalmaları da problemli sahələrdən biri hesab olunur.
- Hansısa təşkilata “get filan binanı inşa elə” deyib, binanı təhvil götürəndə yüzlərlə suallar ortaya çıxır. Filan materialdan niyə istifadə olunmadı? Niyə bu məhsulun qiyməti baha olub? Niyə tikinti uzun çəkdi? Niyə bu elandan xəbərimiz olmadı? Niyə məni yox, başqasını seçdin? Bu kimi suallar təbiidir. Dövlət satınalması çətin və mürəkkəb bir prosesdir. Peşəkar qaydada hazırlanan satınalma prosedurları və sənədlərində bütün bu sualların cavabları olmalıdır. Beynəlxalq təcrübədə sui-istifadə və korrupsiya hallarının qarşısını almaq üçün müvafiq normativlərdən istifadə olunur. Azərbaycanda da belədir. Lakin etiraf etmək lazım deyil ki, mükəmməl səviyyədə deyildi. “Dövlət satınalmaları haqqında” yeni qanunda bütün bu suallara aydınlıq gətirilir.
Elektron sistem, kənar müdaxilənin olmaması, müddət, məbləğ və digər təkmilləşmələr qarşımızda yeni mənzərə yaradır. Bir daha söyləmək istəyirəm ki, burada əsas diqqət satınalma prosesini təşkil edən məmurların vicdanlı yanaşmasını təmin etməyə yönəlməlidir. Burada inzibati cəza mexanizmləri, düzgün hazırlanan qaydalar, normativlər zəruridir. Təsəvvür edin ki, bəzi məmurlar öz ətrafında “çətir şirkətlər” yaradırlar. Müxtəlif adlar altında fəaliyyət göstərən bu şirkətlər dövlət satınalmaları zamanı aralarında süni rəqabət təşkil edirlər. Bu şirkətləri eyni şəxslər idarə etdiyinə görə, qiymətləri də özləri diqtə edirlər. Yəni, hansı şirkəti “qalib” elan etmək istəyirlərsə, həmin şirkətin adından ucuz qiymət təklifləri verirlər. Yəni, qiymətləri də özləri tənzimləyirlər.
- Son günlər “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə mövzusu olub. Qiymətləndiricilərin şəffaf və peşəkar fəaliyyət göstərməsi üçün hansı addımlar atılmalıdır? Hansı təklifləriniz var?
- Bu qanun layihəsi müzakirə mərhələsindədir. Yeni qanunda mütərəqqi məqamlar yer alır. Bunlardan da biri qiymətləndiricilərin özünütənzimləmə mexanizminin olması ilə bağlıdır. Misal üçün, Türkiyədə 152 şirkət var və onların hamısı bir qurumda birləşib. Həmin qurum dövlət qurumu olmasa da, orada dövlətin iştirakçı payı var. Həmin qurum hansısa şirkətin lisenziyasını ləğv edirsə, həmin şirkət artıq qiymətləndirmə sektorunda fəaliyyət göstərmir. Yəni, bu cür islahatların aparılması Azərbaycanda da vacibdir. Adını Palata qoyaq və yaxud da ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə o statusu, o səlahiyyəti verək. Bu, artıq o qədər də önəmli deyil. Ancaq sektorda vəziyyəti normallaşdırmaq üçün bir qurum labüddür.
Ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sektorununn inkişafından danışırıqsa, peşəkar və şəffaf qiymətləndirmə rəylərinin ortaya çıxmasında maraqlıyıqsa, özünütənzimləmə mexanizminin yaradılmasına nail olmalıyıq. (Report)