İnnovativ maliyyə məhsul və xidmətlərinin Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirakla bağlı müraciətlərin qəbuluna başlanılıb.
AMB: Ödəniş bazarı iştirakçıları ictimai əhəmiyyətli qurum hesab oluna bilər
FED.az AMB-yə istinadən xəbər verir ki, bu mərhələdə maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən innovativ məhsulların və xidmətlərin sınaqdan keçirilməsi üçün müraciətlərin qəbulu həyata keçiriləcək.
Müraciətlər avqustun 25-nə qədər qəbul ediləcək. Xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.
Xüsusi tənzimləmə rejimi ölkədə innovativ maliyyə həllərinin inkişafını, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsini, eləcə də maliyyə bazarının daha şəffaf və səmərəli şəkildə inkişafını dəstəkləməyi hədəfləyir.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə "Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası"nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.
Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.














