Rəqəmsal maliyyənin inkişafı istehlakçıların qorunmasından asılıdır.
Hər 10 şikayətdən 3-ü rəqəmsal sahə ilə bağlıdır – ANTİİNHİSAR AGENTLİYİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.
Sədr müavini deyib ki, son illərdə rəqəmsallaşma qlobal maliyyə sisteminin əsas sütununa çevrilib: "Elektron ticarət, mobil bankçılıq və innovativ fintex həlləri sayəsində xidmətlərin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb. Bu dəyişikliklər təkcə rahatlıq deyil, həm də maliyyə inklüzivliyinin genişlənməsinə və yeni biznes modellərinin yaranmasına xidmət edir".
T. Əliyev vurğulayıb ki, innovasiyaların sürətli tətbiqi ilə yanaşı, kibertehlükəsizlik və fərdi məlumatların qorunması məsələləri daha da aktuallaşır: "Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu məqsədlə rəqəmsal maliyyə savadlılığının üç əsas komponenti diqqət mərkəzində saxlanılmalıdır".
O əlavə edib ki, birinci növbədə, rəqəmsal bankçılıq bacarıqlarının inkişaf etdirilməsi vacibdir: "Bura elektron pul kisələrindən və müasir ödəniş alətlərindən düzgün və effektiv istifadə qaydaları daxildir. İkinci mühüm istiqamət olan strateji planlama sayəsində vətəndaşlar rəqəmsal alətlər vasitəsilə öz xərclərini təhlil edə və daha səmərəli investisiya qərarları verə bilərlər. Nəhayət, rəqəmsal təhlükəsizlik qaydalarının mənimsənilməsi, xüsusilə güclü şifrələrin yaradılması və fişinq kimi kiberhücumlardan qorunma yollarının öyrənilməsi istehlakçıların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir". (Report)











