Azərbaycan Mərkəzi Bankı (AMB) işğaldan azad edilmiş rayonlarda iki ərazi idarəsi açmağı planlaşdırır.
Eləcə də bax: Mərkəzi Bank Şuşada - Nümayəndəlik Açacaq
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
"Biz Azərbaycanın azad edilmiş ərazilərində fəal iş aparmağı planlaşdırırıq. Bütün maliyyə institutları ilə fəal danışıqlar aparılır. Azad edilmiş torpaqlarda kommersiya banklarının filial və şöbələrindən başqa, Mərkəzi Bankın 2 ərazi idarəsini də yaratmağı planlaşdırırıq. Ümid edirəm ki, onlardan biri Şuşa şəhərində olacaq", - deyə Rüstəmov mətbuat konfransında bildirib.
O, həmçinin Azərbaycan torpaqlarının azad edilməsinin ildönümü münasibətilə xatirə banknotları və pul nişanlarının buraxılması planları barədə məlumat verib.
"Azad edilmiş hər bir rayona həsr olunmuş xatirə pul nişanları buraxılacaq. Bundan başqa, "bir millət – iki dövlət" ideyasına həsr olunmuş xatirə nişanının buraxılması planlaşdırılır. Ümid edirik ki, bütün bu planları müharibədə qələbənin ildönümünə qədər həyata keçirəcəyik", - deyə Rüstəmov əlavə edib. (İnterfaks)