2022-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 14,6% - 10 milyard 596,2 milyon manatadək artıb.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər azalıb - RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyun ayında əhalinin bank əmanətləri cəmi 3 milyon manat və ya 0,03% artıb.
AMB-nin məlumatına görə, 6 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 12,5% - 4 milyard 262,3 milyon manatadək və ya bütün əmanətlərin 40,2%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). İyunda əhalinin xarici valyutada bank əmanətləri 2,4% və ya 102,3 milyon manat azalıb.
Yanvar-iyun aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16,2% - 6 milyard 333,9 milyon manatadək (bütün əmanətlərin 59,8%-i) artıb. İyun ayında milli valyutada əmanətlərin həcmi 1,7% və ya 105,3 milyon manat artıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 793,5 milyon manat, qeyri-rezidentlərin – 802,7 milyon manat təşkil edir. Yanvar-iyun aylarında rezidentlərin əmanətlərinin həcmi 9,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,7 dəfə artıb. İyun ayında rezidentlərin əmanətlərinin həcmi 33,6 milyon manat artıb, qeyri-rezidentlərin 30,6 milyon manat azalıb.
2022-ci il iyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 32 milyard 417,1 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 11,7% çoxdur. İyunda banklarda əmanət və depozitlərin həcmi 1,2% və ya 391,8 milyon manat artıb. (İnterfaks-Azərbaycan)