2025-ci ilin birinci yarımilində Azərbaycanın qeyri neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 277,3 milyon manat təşkil edib. Bu, proqnoza nisbətən 457,0 milyon manat (4,7%) və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 232,3 milyon manat (2,3%) çoxdur.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin bu ilin I yarımili üzrə dövlət və icmal büdcələrin icra göstəricilərinə dair təqdimatında bildirilir.
Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə daxilolmaların əsas hissəsi vergi və gömrük orqanlarının payına düşüb. Daxilolmaların strukturu isə aşağıdakı kimi olub:
Vergi orqanlarının xətti ilə daxilolmalar: 6 milyard 417,6 milyon manat. Proqnoza nisbətən 218,6 milyon manat (3,5%) çox icra olunub.
Gömrük orqanlarının xətti ilə daxilolmalar: 3 milyard 91,1 milyon manat. Proqnoza nisbətən 4,1 milyon manat (0,1%) çox olub.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar: 312,2 milyon manat. Bu, proqnozdan 84,9 milyon manat (21,4%) azdır.
Sair daxilolmalar: 434,5 milyon manat. Proqnoza nisbətən 314,1 milyon manat (3,6 dəfə) çox vəsait daxil olub.
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar: 21,9 milyon manat. Proqnoz göstəricisi 5,1 milyon manat (30,4%) üstələnib.