Asiya İnkişaf Bankının (AİB) Azərbaycan iqtisadiyyatı üzrə apardığı yeni təhlilin nəticələrinə görə, Azərbaycan 2021-ci ildə də genişləndirici (ekspansionist) fiskal (büdcə-vergi) siyasət kursunu davam etdirəcək.
Eləcə də bax: AİB gələn il Azərbaycanda inflyasiyanın yavaşlayacağını - Proqnozlaşdırır
FED.az xəbər verir ki, AİB-in "Asian Development Outlook (ADO) 2021: Financing a Green and Inclusive Recovery" adlı yeni dərc olunmuş hesabatına görə, bunun nəticəsi kimi, cari ildə də dövlət xərcləri gəlirləri üstələyəcək və dövlət büdcəsinin kəsiri ÜDM-in 4,2%-nə qədər böyüyəcək və sosialyönümlü xərclərin ümumi xərclərdəki çəkisi yüksək olaraq qalacaq.
Hesabatda qeyd edilir ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin artması və yüksək xərclərə yönələn fiskal siyasətin dəyişdirilməsi kəsiri daraldacaq və bankın proqnozlarına görə, büdcə kəsiri ÜDM-in 0,7%-nə qədər azalacaq.
Vergilərə gəldikdə, AİB-in hesablamalarına görə, vergi tətillərindən və kölgə iqtisadiyyatının rəsmiləşdirilməsinə yönələn tədbirlərdən sonra vergi yığımları artacaq və bu, öz əksini Dövlət Vergi Xidmətinin büdcə daxilolmalarının artmasında tapacaq. Bankın gözləntilərinə əsasən, bunun sayəsində 2021-ci ildə dövlət büdcəsinin gəlirləri artaraq ÜDM-in 34,5%-nə çatacaq, gələn il ARNDF-nin büdcəyə transfertlərinin gözlənilən azalması səbəbi ilə ÜDM-in 33,7%-nə enəcək.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 1,9% artaraq 24,673 mlrd. manat, xərclər isə COVID-19 pandemiyası fonunda sosialyönümlü xərclərin böyüməsi hesabına 8,2% artaraq 26,417 mlrd. manata yüksəlib. Beləliklə, büdcə kəsiri 1,744 mlrd. manat və ya ÜDM-in 2,4%-nə bərabər olub.
Əlavə edək ki, ötən il Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7,387 mlrd. manat vəsait daxil olub, büdcənin sosialyönümlü xərcləri isə 9,652 mlrd. manat təşkil edib. (Apa)