İstehlak kreditlərində 600 milyon manata yaxın artım
FED.az Mərkəzi Bankın 31 Dekabr 2018-ci il tarixinə olan statistikasına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 713,1 milyon manat artaraq 5 milyard 319,6 milyon manata qalxıb.
2016-cı illə müqayisədə 2017-ci ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 252,2 milyard manat azalaraq 4 milyard 606,5 milyon manata düşümüşdü.
Eləcə də bax: Banklar problemli kreditlərini "təmizləyirlər" - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər (istehlak kreditləri) 2018-ci il ərzində 579,5 milyon manat artaraq ilin sonunda 3 milyard 448,7 milyon manat təşkil edib.
2016-cı illə müqayisədə 2017-ci ildə istehlak kreditləri 1 milyard 286 milyon manat azalmışdı.
2017-ci illə müqayisədə 2018-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər isə 133,6 milyon manat artaraq 1 milyard 870,9 milyon manata yüksəlib. 2017-ci ildə daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kredilər 33,8 milyon manat artmışdı.
Nəticədə hazırda Azərbaycanda adambaşına düşən istehlak kreditlərinin orta məbləği 532 manat təşkil edib. Ötən ilin sonunda isə bu göstərici 460,6 manat təşkil edirdi. Son bir ildə adambaşına düşən istehlak kreditinin məbləği 71,4 manat artıb.
FED.az, Marja