2023-cü ildə Azərbaycanın bank sektorunun artım tempi daha yumşaq olacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
“Postpandemiya dövründə biz Azərbaycanın bank sektorunda sürətli artım müşahidə edirik. Xüsusilə, son bir il ərzində (30 sentyabr 2021-ci ildən 30 sentyabr 2022-ci ilədək - İF) bankların aktivləri 26% - 43,6 milyard manatadək, kredit portfeli – 23% - 19,2 milyard manatadək, həmçinin biznes kreditləri – 20% - 10,8 milyard manata qədər artıb. Banklarda əhalinin əmanətləri 27% artaraq 11 milyard manata çatıb, əmanətlər üzrə dollarlaşmanın səviyyəsi 39,2%-dək azalıb”, - Nuriyev cümə axşamı VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Onun sözlərinə görə, ümumilikdə “biz 2023-cü ildə bank sektorunun artım tempinin daha yumşaq olacağını gözləyirik”.
Zakir Nuriyev vurğulayıb ki, indi innovasiyaların tətbiqi üçün optimal vaxtdır. “Bank sektoru üçün prioritetlərdən biri rəqəmsal transformasiya, rəqəmsal bankların yaradılması üçün şərtlərin formalaşdırılmasıdır. Bir sıra ölkələrdə, misal üçün Türkiyə, Böyük Britaniya, Sinqapurda artıq rəqəmsal banklar üzrə qanunvericilik bazası var. Bizdə də bank sahəsində rəqabətin artırılması üçün bu istiqamətdə işi aktivləşdirmək olar”, - ABA-nın prezidenti əlavə edib. (İnterfaks-Azərbaycan)