Azərbaycanda Yaşıl Maliyyə Fondunum yaradılmasına ehtiyac yaranıb.
"Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq"
FED.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O qeyd edib ki, həm dövlət fondlarının dəstəyi, həm qanunvericilik, həm də requlyator tərəfindən edilən tənzimləyici yumşaltmalar təşviqedici amil olmaqla yanaşı banklar üçün əlavə sərbəst vəsait yaradır və ya birbaşa bu vəsaiti onlara verir. Azərbaycanda prioritet istiqamətlərin maliyyələşdirilməsində dövlət dəstəyi üzrə uğurlu təcrübəni hamımız görürük və bu təcrübəni yaşıl maliyyələşməyə də tətbiq edə bilərik.
"Bəzi ölkələrin təcrübələrində dövlət qurumları və ya agentliklərinin, eləcə də qeyri-hökümət təşkilatlarının sırf bu məqsədə xidmət edəcək yaşıl banklar təsis etdiklərini də görürük. Azərbaycan üçün isə bu yolda banklara dəstək olacaq yeni bir fondun yaradılması və ya bu rolun cari fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici addımlardan biri ola bilər" - deyə ABA sədri vurğulayıb.