Azərbaycan Mərkəzi Bankı "yaşıl maliyyə" ilə bağlı bir sıra mühüm təşəbbüslər həyata keçirir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.
"2023-2026-cı illər üzrə Dayanıqlı Maliyyə Yol Xəritəsi hazırlanıb ki, bu da maliyyə sektorunun dayanıqlı inkişafda rolunun gücləndirilməsi məqsədini daşıyır. Yol Xəritəsi çərçivəsində mühüm təşəbbüslərdən birinin - Yaşıl Maliyyə Taksonomiyasının hazırlanmasına başlamışıq. Taksonomiyanın əsas məqsədi iqlim dəyişikliyinin təsirinin azaldılması, bu dəyişikliklərə uyğunlaşmanın təmin edilməsi, ekosistemin bərpası və mühafizəsidir. Biz, dövlət qurumları, sənaye assosiasiyaları, maliyyə institutları, investorlar, beynəlxalq təşkilatlar da daxil olmaqla bütün tərəfdaşlarımızla taksonomiya üzrə keçirdiyimiz məsləhətləşmələri yekunlaşdırmışıq. Növbəti mərhələdə taksonomiyanın yekun layihəsinin təsdiq olunması üçün hökumətə təqdim edilməsi nəzərdə tutulur", - deyə sədr qeyd edib.
"Yaşıl istiqrazlar sahəsində qabaqcıl beynəlxalq təcrübəni hərtərəfli nəzərdən keçirərək qlobal səviyyədə tanınmış standart və prinsiplərə uyğunluğu təmin edən hüquqi baza hazırlanıb. Artıq layihə hökumətə təqdim olunub. İqlimlə bağlı risklərin idarə edilməsi üzrə təlimatlar hazırlanıb. Bu təlimatlar vasitəsilə ekoloji, sosial və idarəetmə amillərinin bankların strategiyalarına və idarəetmə çərçivələrinə inteqrasiya edilməsiüzrə tövsiyələri müəyyənləşdirmişik", - deyə Taleh Kazımov bildirib.