Azərbaycan hökuməti 2023-cü il üçün vergi və gömrük rüsumları üzrə büdcə güzəştlərini 7 milyard 823,2 milyon manat həcmində qiymətləndirir.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi layihəsi üzrə rəyində qeyd olunur.
“2023-cü ildə vergi və gömrük rüsumları üzrə büdcə güzəştləri (dövlət büdcəsinə ödənişlərdən azad edilmiş) 7 milyard 823,2 milyon manat həcmində qiymətləndirilir, bu da 2022-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 7,5% və ya 545,5 milyon manat çoxdur”, - Palata qeyd edir.
Palatanın məlumatına görə, 2023-cü ildə Azərbaycana malların idxalı 21 milyard 205,3 milyon manat məbləğində olacaq, bu da 2022-ci ilin yekunları üzrə gözlənilən göstəricidən 4,7% çoxdur.
Həmçinin, 2023-cü ildə ƏDV-yə cəlb olunan idxaklı həcmi 2022-ci illə müqayisədə 3,7 f.b. azalacaq.
“Ümumilikdə, 2023-cü il üçün Dövlət Gömrük Komitəsinin xətti ilə vergi və rüsum yığımı üzrə plan 4 milyard 750 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2022-ci ilin göstəricisindən 145 milyon manat çoxdur. Əldə olunan məlumatların təhlili gömrük orqanlarının dövlət büdcəsinə daxilolmalarının artırılması üçün əlavə mənbələri olmalarını ehtimal etməyə əsas verir”, - Palata vurğulayır. (İnterfaks-Azərbaycan)